Faciəvi qəzaya görə yedək gəmisinin kapitanına qarşı ağır ittiham irəli sürülüb
Florida prokurorluğu keçən il Mayamidəki Biskeun körfəzində üç azyaşlı qızın ölümü ilə nəticələnən toqquşmaya görə yedək gəmisinin kapitanını "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə ittiham edib.
“Seanews.az” xəbər verir ki, hadisə 28 iyul 2025-ci ildə baş verib. Məlumata görə, 46 yaşlı Yusiel Lopez Insua "Wood Chuck" adlı 25 futluq kiçik yedəkçi gəmi ilə 60 futluq tikinti barjasını itələyərək hərəkət edib. Barjanın üzərindəki nəhəng kran və digər avadanlıqlar kapitanın görüş bucağını məhdudlaşdırsa da, gəmidə ətrafı müşahidə etmək üçün xüsusi növbətçi (lookout) təyin edilməyib.
Hərəkət zamanı gəmi uşaq yay düşərgəsinə məxsus yelkənli qayıqlar qrupu ilə toqquşub. Barjanın altında qalan kiçik qayıqdakı 6 nəfər suya düşüb. Onlardan üç azyaşlı qız boğularaq həyatını itirib, digər üç nəfər isə xilas ola bilib. Xilas olanlardan birinin valideynləri uşağın ömürlük şikəst olduğunu bildiriblər.
İstintaq zamanı kapitanın qəza anında mobil telefonundan aktiv istifadə etdiyi üzə çıxıb. Florida Cənub Dairəsinin prokuroru Ceyson A. Redinq Kinones bildirib ki, kapitan dəniz təhlükəsizliyi qaydalarına əməl etsəydi, xüsusilə mobil telefonla məğul olmasaydı faciənin qarşısını ala bilərdi.
İttiham üzrə maksimum cəza 10 il həbs və 250 min dollar cərimədir.

