Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-02,
Seanews
Heyder Eliyev

Antarktikada gəmilər toqquşdu: Ekofəallar kiril ovlayanlara qarşıdırlar

"The Captain Paul Watson Foundation" təşkilatına məxsus "Bandero" gəmisi Antarktika sularında kril (xırda dəniz xərçəngkimiləri) ovuna qarşı "birbaşa müdaxilə" əməliyyatına başlayıb. Fəallar bölgədə balıqçılıqla məşğul olan Norveçin "Aker Qrill" şirkətinə məxsus gəmilərə hücum ediblər. Şirkət baş verənləri "qəsdən törədilmiş hücum" adlandıraraq hüquqi müstəvidə addımlar atacağını bəyan edib.

“Seanews.az” xəbər verir ki, fevralın 23-də Avstraliyadan yola düşən "Bandero" gəmisi "Kril müharibələri" kampaniyası çərçivəsində balıqçıların torlarını kəsmək üçün xüsusi cihazlardan istifadə edib. Martın 31-də baş verən 5 saatlıq qarşıdurma zamanı 64 metrlik "Bandero" gəmisi, kril ovu sektorunun nəhəngi hesab olunan 132 metrlik "Antarctic Sea" gəmisinin arxa hissəsinə zərbə endirib. Toqquşma nəticəsində xəsarət alan olmasa da, gəmi heyəti ciddi təşviş yaşayıb.

Ekofəalların rəhbəri Pol Uatson bildirir ki, kril Antarktika ekosisteminin və balinaların əsas qida mənbəyidir. Lakin sənaye balıqçılığı bu ehtiyatları sürətlə tükədir. Məlumata görə, ötən il kril ovu kvotası rekord həddə – 620 min tona çatıb. Norveç isə bu kvotanın 1.2 milyon tona qaldırılmasını təklif edir. Uatsonun fikrincə, artıq sadəcə müşahidə və sənədləşdirmə kifayət deyil, "təcavüzkar qeyri-zorakılıq" taktikası ilə bu talana son qoyulmalıdır.

"Sea Shepherd" hərəkatının qurucusu kimi tanınan 75 yaşlı Pol Uatson, dənizlərdə tətbiq etdiyi radikal üsullarla, o cümlədən gəmiləri qəsdən vurmaqla məşhurdur. O, 2024-cü ildə Qrenlandiyada 5 ay saxlanılsa da, sonradan azad edilmişdi. Hazırda fransız fəal Lamya Essemlalinin rəhbərlik etdiyi heyət Antarktika sularında fəaliyyətini davam etdirir. Ekspertlər bu cür müdaxilələrin beynəlxalq dəniz hüququ və naviqasiya təhlükəsizliyi baxımından ciddi fəsadlar doğura biləcəyi barədə xəbərdarlıq edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır