Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-09,
Seanews
Heyder Eliyev

Dəniz quldurluğu son 35 ilin ən aşağı səviyyəsinə düşüb

Beynəlxalq Dənizçilik Bürosunun (IMB) rüblük hesabatına əsasən, dünyada dəniz quldurluğu və silahlı soyğunçuluq hadisələri 1991-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. 2026-cı ilin ilk rübündə qlobal miqyasda cəmi 16 insident qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü (45 insident) ilə müqayisədə kəskin azalma deməkdir.

“Seanews.az” xəbər verir ki, hadisələrin dörddə üçü Cənub-Şərqi Asiyanın payına düşür. Sinqapur boğazı hələ də "qaynar nöqtə" olaraq qalsa da, orada da insidentlərin sayı azalaraq 31-dən 8-ə düşüb. Filippində isə ötən ilin əksinə olaraq bu il 4 hadisə qeydə alınıb.

Hesabat dövründə hücumların yarısı balkerlərə (quru yük gəmiləri) olub, tankerlərə qarşı isə cəmi bir cəhd qeydə alınıb.

Ümumi azalmaya baxmayaraq, quldurların hücumlarının 94%-i uğurlu olub, yəni onlar hədəf seçdikləri gəmilərə daxil ola biliblər. Bir rüb ərzində bir gəmi qaçırılıb, iki dənizçi girov götürülüb, biri isə yaralanıb.

Qvineya körfəzində müsbət dinamika davam edir - cəmi 1 hadisə. Lakin Somali sahillərində fəallığın yenidən artması, o cümlədən bir gəmi qaçırma və bir hücum cəhdi narahatlıq doğurur.

IMB direktoru Maykl Houlett bildirib ki, rəqəmlər sevindirici olsa da, dənizçilərin təhlükəsizliyini qorumaq üçün ayıq-sayıqlığı davam etdirmək və beynəlxalq əməkdaşlığı gücləndirmək vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır