IMO-nun təhlükəli yüklərə görə kompensasiya qaydaları qüvvəyə minmək üzrədir
Belçika, Almaniya, Niderland və İsveç tərəfindən ratifikasiya edilən 2010-cu il HNS Konvensiyası ilə dəniz yolu ilə daşınan təhlükəli və zərərli maddələrin yaratdığı zərərə görə "çirkləndirən ödəyir" prinsipi əsasında kompensasiya sisteminin qurulmasına bir addım da yaxınlaşılıb.
“Seanews.az” xəbər verir ki, hazırda Konvensiyaya qoşulan ölkələrin sayı 12-yə çatıb ki, bu da müqavilənin tətbiqi üçün tələb olunan dövlət sayı kriteriyasına uyğundur.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, bu sənəd dənizdə baş verən kimyəvi sızmalar, yanğın və partlayış riskləri, eləcə də can və mal itkisi kimi zərərləri əhatə edəcək.
Yeni sistem çərçivəsində gəmi sahiblərinin məsuliyyətindən əlavə, yükü qəbul edənlərin ayırmaları hesabına maliyyələşən xüsusi HNS Fondu yaradılacaq və hər hadisə üzrə kompensasiya məbləği təxminən 360 milyon dollarla məhdudlaşdırılacaq. Təhlükəli yük daşıyan 65 minə yaxın gəmidən dövlət tərəfindən təsdiqlənmiş sığorta sertifikatı tələb olunacaq. Konvensiyanın tam icrasına başlamaq üçün üzv dövlətlərin illik ümumi yük qəbulu 40 milyon tonu keçməlidir. Mövcud statistikaya əsasən, 2026-cı ilin may ayında aparılacaq yekun yoxlamalardan sonra bu beynəlxalq rejimin ən tezi 30 noyabr 2027-ci il tarixində qüvvəyə minməsi gözlənilir.

