IMO və Aİ-yə çağırış: Külək enerjisindən istifadə üçün maliyyə dəstəyi artırılmalıdır
"Seas At Risk" təşkilatının sifarişi ilə hazırlanan yeni qlobal araşdırma külək enerjisi ilə hərəkət texnologiyalarının gəmiçilikdə yanacaq istifadəsini 9,4%-ə qədər azalda biləcəyini və 2050-ci ilə qədər 762 milyon ton CO2 qənaəti təmin edəcəyini üzə çıxarıb.
“Seanews.az” xəbər verir ki, Yer planetindən Saturna qədər olan məsafəyə bərabər real səyahət məlumatlarına əsaslanan tədqiqat bu texnologiyanın tətbiqinin illik tullantıları 170 milyon avtomobili yollardan kənarlaşdırmağa bərabər səviyyədə azalda biləcəyini göstərir.
Mütəxəssislər qeyd edirlər ki, külək texnologiyası gələcəyin deyil, bugünün həllidir. Çünki 2030-cu il iqlim hədəflərinə çatmaq üçün lazım olan gəmilər artıq dənizdədir və alternativ yanacaqların geniş miqyasda əlçatan olmasına hələ onilliklər var.
Hesabata görə, əsas maneə texnoloji deyil, siyasi xarakter daşıyır. Güclü təşviq mexanizmləri olmasa, külək texnologiyasının emissiyaların azaldılmasına töhfəsi cüzi qalacaq. Bu səbəbdən Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Avropa İttifaqına karbon göstəricilərini sərtləşdirmək və inkişaf etməkdə olan ölkələrdə gəmilərin modernləşdirilməsi üçün birbaşa maliyyə dəstəyi ayırmaq çağırışı edilib.

