Kruiz gəmisi Aralıq dənizindən beş nəfərin cəsədini çıxarıb
Çərşənbə axşamı günü "Sapphire Princess" kruiz gəmisinin heyəti Aralıq dənizinin qərbində beş nəfərin cəsədini sudan çıxarmaq kimi ağır bir işi icra edib.
“Seanews.az” xəbər verir ki, İtaliyanın Kalyari limanından İspaniyanın Kartaxena şəhərinə doğru hərəkət edən gəmi Əlcəzairdən 80 mil şimal-qərbdə suda xilasedici jilet aşkar etdikdən sonra kursunu dəyişərək axtarışlara başlayıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində cəsədlər sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilmək üçün göyərtəyə götürülüb.
İspaniya Milli Polisi tapılan cəsədlərin bu yaxınlarda Kartaxena sahillərində aşkar edilmiş miqrant qayığı ilə əlaqəli olub-olmadığını araşdırır. Bazar ertəsi günü həmin bölgədə tapılan digər bir qayıqda iki sağ qalan şəxs və üç cəsəd aşkarlanmışdı. Xilas olanların ifadəsinə görə, onlar Şimali Afrikadan İspaniyaya çatmaq üçün təxminən üç həftə dənizdə qalıblar.
Hazırda müstəntiqlər qayıqda ilkin olaraq neçə nəfərin olduğunu və dənizdə hər hansı zorakılıq hadisəsinin baş verib-vermədiyini dəqiqləşdirməyə çalışırlar.
BMT-nin məlumatına görə, ötən il Aralıq dənizinin qərb marşrutu ilə Avropaya keçməyə çalışan 500-ə yaxın miqrant həlak olub və ya itkin düşüb.

