Kruiz gəmisində bədbəxt hadisə: Okeana düşən heyət üzvünün axtarışları nəticə vermədi
ABŞ Sahil Mühafizəsi şənbə günü gecə saatlarında Massaçusets ştatının Velflit sahili yaxınlığında "Norwegian Breakaway" kruiz gəmisindən okeana düşən heyət üzvünün axtarışlarını dayandırıb.
"Seanews.az" xəbər verir ki, Bermud adalarından Boston limanına qayıdan gəmidə baş verən insidenti müşahidə kameraları qeydə alıb; videoda bir kişinin yuxarı göyərtələrin birindən suya düşdüyü aydın görünür.
Hadisə ilə bağlı həyəcan siqnalı verildikdən dərhal sonra gəmi kursunu dəyişərək axtarışlara başlayıb, bazar günü gecə saatlarında isə ABŞ Sahil Mühafizəsinin helikopteri əməliyyata qoşulub. Lakin günorta saatlarına qədər davam edən genişmiqyaslı axtarışlar nəticə vermədiyindən əməliyyata xitam verilib və gəmi Boston limanına qayıdıb.
"Norwegian Cruise Line" şirkəti hadisə ilə bağlı bəyanat yayaraq, heyət üzvünün ailəsinə dərin hüznlə başsağlığı verib və işçilərin təhlükəsizliyinin onların ən mühüm prioriteti olduğunu vurğulayıb.
Dünyada hər il kruiz gəmilərində orta hesabla 20-25 suya düşmə hadisəsi baş verir və bu hallarda sağ qalma şansı olduqca aşağıdır. Gəmilərdəki sürahilərin hündürlüyü bədbəxt hadisələrin qarşısını almaq üçün xüsusi standartlarla hazırlansa da, bu cür hallar əksər vaxtlarda ölümlə nəticələnir. Şənbə günü baş verən hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.

