Nyuport limanında yük gəmisində güclü yanğın baş verib
Uelsin Nyuport limanında yerləşən təkrar emal terminalında lövbər salmış "Nord Houston" yük gəmisində bazar günü səhər saatlarında metal qırıntılarından ibarət yük alovlanıb.
"Seanews.az" xəbər verir ki, hadisə yerinə Cənubi Uels Yanğından Mühafizə Xidmətinin çox sayda texnikası və onlarla şəxsi heyəti, həmçinin sudan müdaxilə üçün yanğınsöndürən gəmilər cəlb olunub. Yanğın həmin gün söndürülüb və yenidən alovlanma riskinə qarşı gecə boyu nəzarət tədbirləri görülüb.
Gəmi sahibi və terminal operatoru yanmış yükün boşaldılması planı üzərində razılığa gəliblər. Bu proses yanğınsöndürənlərin nəzarəti altında həyata keçiriləcək.
Mütəxəssislər qeyd edirlər ki, son illərdə metal qırıntıları daşıyan gəmilərdə yanğınların tez-tez baş verməsinin əsas səbəbi yükün tərkibindəki litium-ion batareyaları və yağlı tullantılar kimi tezalışan maddələrdir. Litium-ion batareyaları zədələndikdə asanlıqla yanır və bütün yükün alovlanmasına səbəb olur. Bundan əlavə, polad yüklərində baş verən təbii oksidləşmə (paslanma) prosesi də istilik yaradaraq yükün öz-özünə alışmasına şərait yaradır. Bu cür yanğınlar günlərlə davam edə bilər ki, bu da həm atmosferi çirkləndirir, həm də gəminin konstruksiyasına ciddi ziyan vurur.

