Gəmidə ammonyakla ilk kommersiya bunkerlənməsi baş tutub
Dənizçilik sənayesində dekarbonizasiya istiqamətində yeni bir mərhələyə qədəm qoyulub. Cənubi Koreyanın Ulsan limanında "Exmar" şirkətinə məxsus "Antwerpen" qazdaşıyan gəmisində dünyanın ilk kommersiya təyinatlı ammonyak bunkerlənməsi əməliyyatı uğurla həyata keçirilib.
"Seanews.az" xəbər verir ki, "Lotte Fine Chemical" şirkəti tərəfindən təmin edilən təxminən 600 ton təmiz ammonyak gəmiyə birbaşa liman infrastrukturundan (port-to-ship) yüklənib. Bu hadisəyə qədər ammonyakla yanacaq doldurma əməliyyatları yalnız sınaq məqsədli və kiçik həcmlərdə icra olunurdusa, "Antwerpen" gəmisi ilə bu proses artıq rəsmi kommersiya müstəvisinə keçib.
"HD Hyundai" tərəfindən inşa edilən 190 metr uzunluğundakı bu gəmi həm ammonyak və mayeləşdirilmiş neft qazı (LPG) daşımaq, həm də daşıdığı bu yüklərdən yanacaq kimi istifadə etmək qabiliyyətinə malikdir. Əməliyyatda istifadə olunan "yaşıl ammonyak" isə tamamilə bərpa olunan enerji mənbələri hesabına istehsal edilib və dənizçilik sənayesində zərərli tullantıların sıfıra endirilməsi hədəfinə tam uyğundur.
Hazırda "Antwerpen"lə eyni tipdə olan "Arlon" gəmisinin də dəniz sınaqları davam edir və onun iyun ayında istifadəyə verilməsi planlaşdırılır.

