Hind-Sakit okean regionunda ABŞ esminesində ciddi yanğın baş verib
ABŞ Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında fəaliyyət göstərən idarəolunan raket esminesində ciddi yanğın baş verdiyini və gəmiyə böyük ziyan dəydiyini təsdiqləyib. "CBS" kanalına məlumat verən rəsmilər yanğının "Arleigh Burke" sinfinə aid "USS Higgins" gəmisində qeydə alındığını bildiriblər.
"Seanews.az" xəbər verir ki, alov gəminin hərəkətverici sistemini və elektrik enerjisini tamamilə sıradan çıxarıb. "Arleigh Burke" sinfidən olan gəmilərin tam izolyasiya edilmiş iki ayrı maşın bölməsinə malik olduğunu nəzərə alsaq, hər iki hissənin eyni anda sıradan çıxması hadisənin miqyasının kifayət qədər ciddi olduğunu göstərir.
Hazırda "USS Higgins" esminesinin dəqiq koordinatları və yanğının başvermə şəraiti açıqlanmır, həmçinin xəsarət alanlar barədə məlumat yoxdur. Mərkəzi bazası Yaponiyanın Yokosuka limanında yerləşən və 7-ci Donanmaya təhkim olunan gəmi son iki ildə Tayvan boğazından iki keçid də daxil olmaqla, regionda bir çox mühüm missiyalarda iştirak edib. Gəminin sonuncu AİS (Avtomatik İdentifikasiya Sistemi) siqnalı fevral ayında Sinqapurda qeydə alınıb.
Bu hadisə cari ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərində baş verən dördüncü yanğın hadisəsidir. Bundan əvvəl "USS Zumwalt", "USS Gerald R. Ford" və "USS Dwight D. Eisenhower" gəmilərində də müxtəlif miqyaslı yanğınlar baş vermiş və ümumilikdə 13 dənizçi xəsarət almışdı.

