Hindistan donanmasını genişləndirmək üçün 62 yeni gəmi alacaq
Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval ölkənin dəniz imkanlarını sürətlə genişləndirmək planını açıqlayıb. Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bağlanması riskləri fonunda hökumət xarici gəmiçilikdən asılılığı azaltmağı strateji prioritet elan edib.
"Seanews.az" xəbər verir ki, yeni plana əsasən, 2026-2027-ci maliyyə ilində ölkə donanmasına 62 yeni gəmi əlavə ediləcək. Bu məqsədlə 5,4 milyard dollar investisiya ayrılması və ümumi tutumun 2,85 milyon qros-ton artırılması nəzərdə tutulur. Donanmanın tərkibi əsasən konteyner gəmiləri, LPG daşıyıcıları, tankerlər və ekoloji yedəklər hesabına genişlənəcək. Paralel olaraq, Hindistan Gəmiçilik Korporasiyası (SCI) da 59 yeni gəmi almağı planlaşdırır.
Baş nazir Narendra Modinin hədəfi Hindistanın ixracatında yerli bayraqlı gəmilərin payını 20%-ə, tranzit yükaşırmanı isə 2030-cu ilə qədər 75%-ə çatdırmaqdır. Artıq "CMA CGM" və "Maersk" kimi qlobal şirkətlər gəmilərini Hindistan reyestrinə keçirməyə başlayıb. Dövlət dəstəyi ilə yerli gəmiqayırma sənayesinin inkişaf etdirilməsi və Hindistanın 2047-ci ilə qədər dünyanın ilk 5 gəmiqayırma ölkəsindən biri olması hədəflənir.

