Qaçırılan "Galaxy Leader" avtomobil daşıyıcısı qismən batıb
3 il əvvəl husi üsyançılarının qaçırdığı "Galaxy Leader" avtomobil daşıyıcısı Yəmənin sahil sularında batmağa başlayıb. Yeni yayımlanan fotolar gəminin bir daha dənizə qayıtmayacağını göstərir.
"Seanews.az" xarici mediaya istinadən xəbər verir ki, 19 noyabr 2023-cü ildə helikopterdən desant endirilməsi ilə ələ keçirilən gəmi əvvəlcə Hudeydəyə, sonra isə husilərin nəzarətində olan Əl-Salif limanına aparılmışdı. Gəmi bir müddət husilər üçün "turist attraksionu" və festival mərkəzi rolunu oynamış, yerli sakinlər kiçik qayıqlarla gəmi göyərtəsinə sərbəst şəkildə gəlib-getmişdilər.
Sahibkarlıq əlaqələri İsrailli iş adamına bağlanan və Men adasında yerləşən "Ray Car Carriers" şirkətinin idarə etdiyi gəminin ekipajı 2025-ci ilin yanvarında azad edilsə də, avtomobil daşıyıcısı hələ də girov saxlanılır. İsrail hökumətinin iddiasına görə, husi qüvvələri gəmidən Qırmızı dənizdəki dəniz hərəkətini izləmək üçün müşahidə məntəqəsi kimi istifadə etməyə başlayıblar. Bu səbəbdən, 6 iyul 2025-ci ildə İsrail Hərbi Hava Qüvvələri gəmini "terror infrastrukturu" kimi təsnif edərək bombardman edib. Bundan əlavə, rəsmən təsdiqlənməsə də, ABŞ-nin də gəmiyə bir neçə hava zərbəsi endirdiyi bildirilir.
Əl-Salifdən əldə edilən yeni görüntülər gəminin ciddi zədələndiyini göstərir. Hava zərbələri nəticəsində gəminin baş tərəfinə böyük ziyan dəyib, arxa hissəsi isə qismən suya qərq olub. Gəminin burnunun yüksəkdə və quru vəziyyətdə qalması onun dənizdən çıxarılmasını daha da çətinləşdirir.

