“Vroon” gəmiçilik biznesini sataraq diri heyvan ixracı bazarını tərk edən sonuncu şirkət oldu
Diri heyvan daşımaları üzrə dünyanın ən böyük tonnaj təminatçılarından biri olan "Vroon Holding" 60 illik fəaliyyətdən sonra bu seqmenti tərk etdiyini açıqlayıb. Şirkət öz törəmə müəssisəsi olan "Livestock Express"i Avstraliyanın kənd təsərrüfatı nəhəngi "Heytesbury" qrupuna satmaq barədə razılığa gəlib.
"Seanews.az" xəbər verir ki, müqaviləyə "Vroon"a məxsus 11 ədəd ixtisaslaşdırılmış heyvan daşıyan gəmi, Sinqapur ofisi və texniki idarəetmə xidmətləri daxildir. "Vroon" bu addımı enerji, maye yüklər, infrastruktur və dəniz külək enerjisi sahələrinə fokuslanmaq strategiyası ilə əlaqələndirib.
"Livestock Express" sektorda köhnə gəmilərin yenidən qurulması əvəzinə, məhz heyvanların rifahı üçün dizayn edilmiş müasir və ixtisaslaşmış gəmilərin (purpose-built) pioneri hesab olunur. Şirkət ildə orta hesabla 600 mindən 750 minədək iribuynuzlu və xırdaheyvan daşınmasını həyata keçirir.
Bu gediş dəniz yolu ilə diri heyvan ixracı sektorunda müşahidə olunan genişmiqyaslı çəkilmənin son nümunəsidir. Heyvan hüquqları müdafiəçilərinin təzyiqləri fonunda Avstraliya 2028-ci ildən dəniz yolu ilə qoyun ixracını qadağan edən qanun qəbul edib, Yeni Zelandiya isə artıq analoji qadağaları tətbiq etməkdədir. Sektorun digər iri oyunçusu "Wellard"ın da 2025-ci ilin əvvəlində fəaliyyətini tamamilə dayandırması bu bazarın getdikcə daraldığını və tənzimləmələrin sərtləşdiyini göstərir.

