Gəminin körpünü uçurması hadisəsi üzrə rekord məbləğdə barışıq sazişi əldə olunub
ABŞ-nin Baltimor şəhərindəki "Fransis Skot Ki" körpüsünün dağılması ilə nəticələnən qəzadan sonra Merilend ştatı gəmi sahibi və operatoru ilə 2,25 milyard dollarlıq rekord barışıq sazişi imzalayıb. Bu, dənizçilik tarixində ən böyük hüquqi kompensasiya məbləği hesab olunur.
"Seanews.az" xəbər verir ki, saziş Sinqapurun "Grace Ocean Private Limited" və "Synergy Marine Pte. Ltd." şirkətlərinə qarşı irəli sürülmüş iddiaları yekunlaşdırır. Ödəniləcək vəsait körpünün bərpası, ətraf mühitə dəymiş ziyan, itirilmiş rüsum gəlirləri və Baltimor limanının fəaliyyətinin dayanması nəticəsində yaranan iqtisadi itkiləri əhatə edəcək. Fəlakətlə bağlı ümumi iqtisadi ziyan isə 5 milyard dollardan çox qiymətləndirilir. "Fransis Skot Ki" körpüsünün yenidən inşası xərclərinin 4,3 milyard ilə 5,2 milyard dollar arasında olacağı və tikintinin təxminən 2030-cu ildə başa çatmasının gözlənildiyi bildirilir.
Bu razılaşma gəmi sahiblərinin 1851-ci il tarixli qanuna əsaslanaraq məsuliyyəti gəminin qəzadan sonrakı dəyəri ilə (təxminən 43,7 milyon dollar) məhdudlaşdırmaq cəhdlərinin qarşısını alıb. Eyni zamanda federal prokurorlar "Synergy Marine" və bir neçə məsul şəxsə qarşı cinayət işi açıblar.
Xatırladaq ki, 2024-cü ilin martında baş vermiş bu fəlakət nəticəsində altı nəfər həlak olmuş, liman həftələrlə bağlı qalmış və regionun təchizat zəncirinə ciddi ziyan dəymişdi.

