Avropa Qırmızı dənizdəki riskli internet marşrutundan yan keçmək üçün Arktika layihələrinə diqqəti artırır
Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Avropa İttifaqı internet trafikini qorumaq üçün Arktika üzərindən alternativ rəqəmsal dəhliz yaratmağı planlaşdırır.
"Seanews.az" xəbər verir ki, hazırda Avropanın internet trafikinin təxminən 90 faizi riskli hesab edilən Qırmızı dəniz marşrutundan asılıdır ki, bu da rəqəmsal suverenlik üçün təhlükə kimi qiymətləndirilir.
Bu məqsədlə "Far North Fiber" və "Polar Connect" adlı iki əsas layihə nəzərdən keçirilir. Şimal qütbü vasitəsilə Avropanı Asiya və Şimali Amerika ilə birləşdirəcək bu xətlər həm məsafəni qısaldacaq, həm də gərginliyin yüksək olduğu bölgələrdən tam müstəqil olacaq. Layihənin ümumi dəyəri 2,3 milyard dollar qiymətləndirilir və artıq bu yay marşrutun tədqiqat işlərinə başlanılması nəzərdə tutulur.
Buna baxmayaraq, Arktika layihəsi ciddi texniki çətinliklərlə üz-üzədir. Şimal buzlu okeanında hərəkət edən buz kütlələri kabellərə zərər verə bilər və təmir işləri üçün xüsusi buzqıran gəmilərin olmaması prosesi aylarla ləngidə bilər. Əvvəllər oxşar layihəyə başlayan ABŞ şirkəti "Quintillion"un üzləşdiyi əməliyyat çətinlikləri və yüksək xərclər Avropanın bu iddialı planının reallaşması ilə bağlı müəyyən şübhələr yaradır.

