Braziliyada lövbərbasdıran gəmi məşhur çimərliyin yaxınlığında saya oturub
"Petrobras" şirkətinin icarəsində olan lövbərbasdıran gəmi Rio-de-Janeyrodan təxminən 80 dəniz mili şimal-şərqdə saya oturub.
"Seanews.az" xəbər verir ki, 2010-cu il istehsalı olan "Skandi Amazonas" adlı AHTS (lövbərbasdıran təchizat-yedək) gəmisi gecə saatlarında hərəkətdə olarkən dənizin dibindəki qayalığa çırpılıb. Braziliya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, zərbə nəticəsində gəminin gövdəsi yarılıb və içəri su dolmağa başlayıb. Kapitan gəminin batmasının və ya çevrilməsinin qarşısını almaq üçün onu qəsdən saya oturdub. Hadisənin baş verdiyi yer uzun qumlu çimərliyi və bir neçə lüks oteli ilə tanınan dənizkənarı Praya Kampista məhəlləsinin tam yaxınlığındadır.
Qəza zamanı gəmidə 29 nəfər olub və onlardan 12-si ərazidəki digər gəmilər tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə yerində qalan 17 heyət üzvü isə gəmiyə dəyən ziyanı qiymətləndirmək və xilasetmə işlərinə hazırlaşmaq üçün göyərtədə saxlanılıb. Gəminin sağ tərəfindəki maşın şöbəsinə su dolması nəticəsində sağ mühərrikin hərəkət sistemi sıradan çıxıb.

