"CMA CGM" gəmisinə hücumda yaralanan dənizçilərdən ikisi vətənə qayıdıb
Ayın əvvəlində Hörmüz boğazında "CMA CGM San Antonio" konteyner gəmisinin raket zərbəsinə məruz qalması nəticəsində səkkiz heyət üzvü yaralanmış və gəmiyə ciddi ziyan dəymişdi. Filippinin Miqrant İşçilər Departamenti yaralı dənizçilərdən ikisinin artıq ölkəyə qayıtdığını və ailələrinə qovuşduğunu açıqlayıb.
"Seanews.az" xarici mediaya istinadla xəbər verir ki, mayın 6-da baş verən bu hadisə ABŞ, İsrail və İran arasında gərginliyin artmasından bəri bir insidentdə ən çox dənizçinin xəsarət alması ilə nəticələnən hücum kimi qeydə alınıb. Hücumdan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəminin "Project Freedom" təhlükəsizlik proqramı çərçivəsində qorunması öhdəliyini üzərindən atıb və qısa müddət sonra bu proqram qeyri-müəyyən müddətə dayandırılıb. "CMA CGM" şirkəti isə gəminin proqramın bütün şərtlərinə tam əməl etdiyini bildirib.
Oman rəsmilərinin koordinasiya dəstəyi ilə vətənə dönən dənizçilər hava limanında dövlət qurumları tərəfindən qarşılanıb. Əlil arabasında və əlləri sarğılı vəziyyətdə geri qayıdan dənizçilərə maliyyə, tibbi və psixoloji yardım göstərilir. Hücumda yaralanan digər beş filippinli dənizçinin də tezliklə ölkəyə qaytarılması üçün işlər davam etdirilir.

