ABŞ Çinin 4 konteyner istehsalçısını süni qiymət artımı üçün gizli sövdələşmədə ittiham edir
ABŞ Ədliyyə Nazirliyi dünyanın ən böyük gəmi konteyneri istehsalçısı olan dörd şirkətə və onların yeddi rəhbər şəxsinə qarşı rəsmi ittiham irəli sürüb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, şirkətlər qlobal ticarət üçün kritik əhəmiyyət kəsb edən standart quru yük konteynerlərinin qiymətlərini süni şəkildə artırmaq üçün gizli sövdələşməyə girməkdə təqsirləndirilir.
İttihama görə, Çinin "Dong Fang", "CXIC", "Singamas" və bazar lideri olan "CIMC" şirkətləri (həmçinin adı açıqlanmayan daha iki ortaq) 2020-ci ildən başlayaraq istehsal həcmini qəsdən azaltmaq və qiymətləri qaldırmaq üçün razılığa gəliblər. Kartel sövdələşməsinin pozulmaması üçün şirkətlər 50-yə yaxın istehsal xəttinə video-müşahidə kameraları quraşdırıb və normadan artıq istehsala görə cərimə mexanizmi yaradıblar. 2022-ci ilin sonuna doğru isə hər bir şirkətin illik istehsalı üçün ümumi kvotalar (məhdudiyyətlər) tətbiq olunub.
Pandemiya dövründə konteyner qıtlığı fonunda bu şirkətlərin qazancları rekord həddə çatıb. Məsələn, "CIMC" şirkətinin mənfəəti 2019-cu ildəki 20 milyon dollardan 2021-ci ildə 1,75 milyard dollara yüksəlib. "Singamas" isə 2019-cu ili 110 milyon dollar zərərlə bağladığı halda, 2021-ci ildə 190 milyon dollar xalis mənfəət əldə edib.
Bu ilin aprelində Fransa hüquq-mühafizə orqanları ABŞ-nin sorğusu əsasında “Singamas” şirkətinin marketinq direktoru, Çin vətəndaşı, 54 yaşlı Vik Nam Hinq Manı həbs edib. Hazırda Fransada saxlanılan Ma ABŞ-yə ekstradisiyasını gözləyir. O və hələ də azadlıqda olan digər altı yüksək rütbəli Çinli rəhbər şəxs ABŞ-nin Şerman Antiinhisar Qanununu pozmaqda ittiham olunur.
Azad rəqabəti məhdudlaşdırmaqda təqsirli bilinəcəkləri təqdirdə həmin rəhbər şəxsləri 10 ilə qədər həbs və 1 milyon dollar, şirkətləri isə 100 milyon dollara qədər cərimə gözləyir. Prokurorluq dəymiş ziyanın və ya əldə olunan qanunsuz gəlirin daha böyük olduğunu sübut edərsə, maliyyə sanksiyaları daha da artırıla bilər.

