“ClassNK” 3D model əsaslı təsdiq prosesi üzrə təlimat yayımlayıb
“ClassNK” beynəlxalq təsnifat cəmiyyəti 3D model əsaslı layihə təsdiqi prosesinə dair yeni təlimatlarını yayımlayıb.
“Seanews.az” xəbər verir ki, sənəddə layihələrin təsdiqi zamanı 3D modellərin əsas baza kimi istifadəsinin prinsipləri və standart yanaşmaları izah olunur.
Qurum bununla yanaşı, 3D model əsaslı təsdiq prosesini dəstəkləmək üçün “NK-PASS” adlı rəsm təsdiqi idarəetmə sistemi və “ClassNK 3Dviewer” platformasını da istifadəyə verib. Yeni sistem OCX formatlı 3D modellərin təqdimatı və yoxlanmasını rəqəmsal mühitdə həyata keçirməyə imkan yaradır.
Təlimatlarda layihə dəyişikliklərinin idarə olunması, təqdim olunmalı məlumatların həcmi, 3D modellərlə ənənəvi 2D çertyojlar arasındakı əlaqə və keçid dövründə onların paralel istifadəsi kimi məsələlər əhatə olunub.
“ClassNK” bildirib ki, yeni yanaşmanın praktik imkanlarını qiymətləndirmək məqsədilə Yaponiyanın 10 şirkəti ilə birgə pilot layihə həyata keçirilib və əldə olunan nəticələr təlimatda ümumiləşdirilib.
Təsnifat cəmiyyəti hesab edir ki, bu sistem gəmiqayırma zavodları, dizaynerlər, gəmi sahibləri və təsnifat cəmiyyətləri arasında vahid yanaşmanın formalaşmasına və rəqəmsal layihə təsdiqi prosesinin sürətlənməsinə kömək edəcək.

