Aİ Hörmüzdə təhlükəsiz gəmiçiliyin bərpası üçün yeni addım atır
Avropa İttifaqı Hörmüz boğazında mina təmizləmə əməliyyatlarında aparıcı rol oynamaq üçün “Operation Aspides” missiyasının səlahiyyətlərinin genişləndirilməsini müzakirə edir. Bu barədə Aİ-nin üzv dövlətlərə göndərdiyi sənəddə bildirilir.
“Seanews.az” xəbər verir ki, təklifə əsasən, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi təşəbbüs çərçivəsində “Aspides” missiyası bölgədə təhlükəsiz gəmiçiliyin bərpasına dəstək verə bilər. Bunun üçün missiyanın mandatının dəyişdirilməsi tələb olunur ki, bu da Aİ-nin 27 üzv ölkəsinin yekdil razılığını tələb edir.
Aİ-nin diplomatik xidməti qeyd edib ki, Hörmüz boğazının faktiki bağlanması Avropa və region ölkələri üçün ciddi iqtisadi nəticələr yaradır. Dünyanın neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu strateji su yolundan keçir.
Sənəddə vurğulanır ki, “Aspides” missiyasının yeni rolu həm Aİ-nin təhlükəsizlik sahəsində məsuliyyətini nümayiş etdirəcək, həm də əməliyyata qoşulan ölkələrə maliyyə dəstəyi mexanizmlərini genişləndirəcək.

