Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Tərk edilmiş gəmidə 10 ay qalan dörd hindistanlı dənizçi xilas edilib

Türkiyə hökumətinin müdaxiləsi nəticəsində 10 aydır tərk edilmiş gəmidə qalan dörd hindistanlı dənizçi nəhayət xilas olunaraq vətənlərinə göndərilmək üçün konsulluğa təhvil verilib.

“Seanews.az” xəbər verir ki, 1986-cı ildə inşa edilmiş və Monqolustan  bayrağı altında üzən “Azra C” yük gəmisi 2025-ci ilin iyulunda Türkiyəyə gəlib. Gəminin sahibi beynəlxalq narkotik qaçaqmalçılığı əməliyyatı çərçivəsində həbs edildikdən sonra ekipaj üzvləri maaşlarını və əvəzləyici heyəti gözləyərək gəmidə qalıblar.

Ekipaj üzvlərinin əksəriyyəti 2026-cı ilin martında qismən ödənişlə ölkələrinə qaytarılsa da, beynəlxalq qaydalara uyğun olaraq gəminin təhlükəsizliyini təmin etmək üçün dörd nəfər gəmidə saxlanılıb. Onlar 8-9 ay əməkhaqqı almadan, məhdud yanacaq və içməli su ehtiyatı ilə yaşamaq məcburiyyətində qalıblar.

Məsələ Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun diqqətinə çatdırıldıqdan sonra sahil təhlükəsizliyi qurumu gəminin idarəçiliyini öz üzərinə götürüb. Dənizçilər ötən həftənin sonunda xilasedici qayıqla gəmidən çıxarılıb.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) məlumatına görə, 2025-ci ildə dünyada 410 gəminin tərk edilməsi qeydə alınıb və bundan 6 233 dənizçi zərər çəkib. Türkiyə isə 61 hadisə ilə gəmi tərk edilmələrinin ən çox baş verdiyi ölkə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır