Hind okeanında 14 hindistanlı dənizçi xilas edilib
ABŞ Hərbi Dəniz Qüvvələri və yaxınlıqda olan bir ticarət gəmisi Hind okeanında xilasedici salda qalan 14 hindistanlı dənizçini xilas edib.
“Seanews.az” xəbər verir ki, dənizçilər əlverişsiz hava şəraiti səbəbindən adı açıqlanmayan gəmidə çətin vəziyyətdə qalıblar və bazar günü yerli vaxtla saat 10:00 radələrində kömək siqnalı göndəriblər.
Hadisə yerinə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8 patrul təyyarəsi axtarış-xilasetmə dəsti, o cümlədən xilasedici sal atıb. Dənizçilər xilasetməni gözləmək üçün sala keçiblər.
Qısa müddət sonra hadisə yerinə “Jabal Ali 9” Ro-Ro yük gəmisi və ABŞ-nin “USS Michael Murphy” esminesi çatıb. “Jabal Ali 9”un ekipajı saldan 11 nəfəri təhlükəsiz şəkildə götürə bilib.
Lakin güclü dalğalar səbəbindən xilasedici sal çevrilib və qalan üç ekipaj üzvü dənizə düşərək təhlükə ilə üzləşib. ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 “Sea Hawk” helikopteri onları sudan çıxararaq sağ-salamat “Jabal Ali 9” gəmisinə çatdırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

