Britaniya ilk dəfə “kölgə donanması” tankerinə qarşı əməliyyat keçirib
Böyük Britaniya iyunun 14-də ilk dəfə Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən tankeri saxlayıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, Kral Dəniz Piyadalarının hərbçiləri İngilis kanalında Kamerun bayrağı altında üzən “Smyrtos” Aframax tankerinə çıxış edərək yoxlama aparıblar.
Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısında olan tanker İngiltərənin cənub sahilləri yaxınlığında lövbər yerinə yönləndirilib. Hazırda gəmidə təhlükəsizlik yoxlamaları və sənədlərin araşdırılması aparılır.
Əməliyyata Fransa Hərbi Dəniz Qüvvələri, Britaniyanın “HMS Somerset” freqatı, “HMS Ledbury” minaaxtaran gəmisi, “P-8 Poseidon” patrul təyyarəsi və helikopterlər də cəlb olunub.
Məlumata görə, tanker iyunun 5-də Rusiyanın Ust-Luqa limanından yola düşərək Misirin Port-Səid limanına istiqamətlənmişdi. Gəmidə təxminən 600 min barrel neft olduğu ehtimal edilir. Britaniya hakimiyyəti tankerin yükünün müsadirə olunub-olunmayacağı barədə hələlik məlumat verməyib.

