Sinqapurda təchizat qayığının batması nəticəsində üç nəfər həlak olub
Sinqapurun Pasir Panjanq terminalı yaxınlığında təchizat qayığı desant tipli gəmi ilə toqquşduqdan sonra batıb.
“Seanews.az” xəbər verir ki, qəza iyunun 12-də səhər saat 09:30 radələrində baş verib. Sinqapurun Dəniz və Liman İdarəsi (MPA), Sahil Mühafizəsi Polisi və Sinqapur Mülki Müdafiə Qüvvələrinin (SCDF) Dəniz bölməsi hadisə yerinə öz vasitələrini göndərərək axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Məlumata görə, desant gəmisi sabit vəziyyətdədir və onun göyərtəsində olan ekipaj üzvləri arasında xəsarət alan yoxdur.
Lakin Sahil Mühafizəsi Polisi sudan üç nəfərin meyitini çıxarıb. Onların batan təchizat qayığının ekipaj üzvləri olduğu ehtimal edilir. Təchizat qayığından başqa itkin düşmüş ekipaj üzvlərinin olub-olmadığını müəyyən etmək üçün dalğıc əməliyyatları da daxil axtarış-xilasetmə işləri davam etdirilir.

