Xeyriyyə təşkilatları və məşhurlar canlı heyvan ixracına son qoyulmasına çağırırlar
130-dan çox xeyriyyə təşkilatı, ekspert və məşhur canlı heyvanların ixracına qadağa qoyulması üçün çağırış edib.
“Seanews.az” xəbər verir ki, Dünya Fermer Təsərrüfatlarında Heyvan Rifahı (Compassion in World Farming) təşkilatının rəhbərlik etdiyi və 33 ölkədən beynəlxalq tərəfdaşların qoşulduğu müraciətdə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (WOAH) göndərilən məktubda uzun məsafəli heyvan daşımalarının yaratdığı həddindən artıq sıxlıq, yüksək temperatur, aclıq, susuzluq, xəsarətlər, güclü stress və ölüm hallarına son qoyulması tələb olunur.
Hazırda “WOAH” heyvanların daşınması üzrə tövsiyələrini yeniləyir. Təşkilat bildirir ki, mövcud standartlar 20 ildən artıqdır yenilənməyib və yeni qaydalar ən son elmi heyvan rifahı araşdırmalarına uyğunlaşdırılmalıdır. Müraciət edən tərəflər isə uzun məsafəli canlı heyvan daşımalarının mərhələli şəkildə dayandırılmasını istəyirlər.
Onların fikrincə, bu ticarət ət və ət məhsulları, həmçinin çoxalma məqsədli genetik materiallarla (embrion və sperma) əvəz oluna bilər.
Məktubda həmçinin qeyd olunur ki, daşınma zamanı yaranan sıx və antisanitar şərait zoonoz xəstəliklərin yayılma riskini də artırır.
Britaniya 2024-cü ildə canlı heyvanların kökəltmə və kəsim məqsədli ixracını qadağan edib, Avstraliya, Yeni Zelandiya və Almaniya isə bu sahədə qismən məhdudiyyətlər tətbiq edib.

