Yaponiyada yük bərəsi Tokioya gedərkən dayazlığa oturub
Yaponiyanın Osaka–Tokio marşrutu üzrə işləyən "Niraikanai II" Ro-Ro tipli yük bərəsi Tokio istiqamətində hərəkət edərkən Toşima adası yaxınlığında dayazlığa oturub.
“Seanews.az” xəbər verir ki, hadisə iyunun 19-da yerli vaxtla saat 03:30 radələrində baş verib. Gəmidə 17 ekipaj üzvü olub. Xəsarət alanlar, eləcə də ətraf mühitin çirklənməsi və ya yükə ziyan dəyməsi barədə məlumat verilməyib.
2017-ci ildə inşa edilən, 181 metr uzunluğa və 11 687 ton ümumi tutuma malik gəmi avtomobillərin və müxtəlif yüklərin daşınması üçün istifadə olunur. Gün ərzində gəmini dayazlıqdan çıxarmaq cəhdləri nəticəsiz qalıb və gəmi hadisə yerində qalıb.
Yaponiya Sahil Mühafizəsi hadisənin səbəblərini araşdırır. Yerli KİV-in məlumatına görə, qəza zamanı dəniz sakit olub, küləyin sürəti 12 düyündən, dalğaların hündürlüyü isə 0,6 metrdən az olub.

