Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Ədən körfəzində pirat hücumları daha aqressiv xarakter alır

Ədən körfəzi və Somali sahilləri yaxınlığında pirat hücumlarının sayı artmaqda davam edir. Dəniz təhlükəsizliyi qurumları gəmiləri yüksək ayıqlıq nümayiş etdirməyə və şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə çağırır.

“Seanews.az” xəbər verir ki, son bir həftədə Yəmənin Ədən şəhərinin şimal-şərqində üç ayrı hücum cəhdi qeydə alınıb. Hadisələrin hamısında kiçik qayıqlarla yaxınlaşan silahlı şəxslər gəmilərə atəş açıb, hücumlardan birində isə qumbaraatan (RPG) istifadə olunub.

İyunun 17-də baş verən son insident zamanı iki qayıq naməlum gəmini təqib edərək atəş açıb. Gəminin təhlükəsizlik heyətinin cavab atəşindən sonra hücumçular geri çəkiliblər.

İyunun 15-də isə bir tankerə RPG ilə hücum edilib. Gəmi müdafiə tədbirləri gördüyündən hücum uğursuz olub. Həmin gün başqa bir konteyner gəmisi də silahlı şəxslərin gəmiyə çıxmaq cəhdi ilə üzləşib. Gəmi sürətini artıraraq hücumun qarşısını ala bilib.

Bundan əvvəl, iyunun 14-də və 10-da da bölgədə yük gəmilərinə qarşı silahlı hücumlar qeydə alınıb. Hər iki halda təhlükəsizlik qruplarının cavab atəşindən sonra quldurlar geri çəkiliblər.

Avropa İttifaqının dəniz təhlükəsizliyi missiyası son aylarda bölgədə insidentlərin artdığını bildirib. Apreldən bəri üç gəminin, o cümlədən iki yüklü tankerin piratlar tərəfindən ələ keçirildiyi qeyd olunur. Mütəxəssislər vurğulayırlar ki, bu cür hücumlar adətən musson mövsümündə azalırdı, lakin bu il təhlükə gözləniləndən daha uzun müddət davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır