BIMCO: Dənizçilik sənayesinə yeni rəqəmsal standartlar deyil, vahid tətbiq qaydaları lazımdır
Beynəlxalq Dənizçilik Palatasının (BIMCO) Kopenhagendə keçirilən seminarında bildirilib ki, dənizçilikdə rəqəmsallaşmanın qarşısındakı əsas maneə yeni standartların olmaması deyil, mövcud standartların müxtəlif şəkildə tətbiq edilməsidir.
“Seanews.az” xəbər verir ki, gəmiçilik, limanlar, dövlət qurumları və texnologiya şirkətlərini təmsil edən 45 nümayəndənin iştirak etdiyi tədbirdə sektor üzrə rəqəmsal parçalanmanın aradan qaldırılması üçün “Dənizçilikdə rəqəmsallaşmanın qızıl qaydaları” adlı təşəbbüs irəli sürülüb.
İştirakçılar mövcud məlumat standartlarının regionlar, limanlar və müxtəlif texnologiya platformaları arasında daha vahid şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayıblar. Təklif olunan prinsiplər məlumat mübadiləsində uyğunluğun artırılmasını, sistemlər arasında qarşılıqlı işləkliyin təmin olunmasını və rəqəmsal həllərin kiçik gəmiçilik şirkətləri və limanlar üçün də əlçatan olmasını nəzərdə tutur.
Seminarda həmçinin kiber təhlükəsizlik, rəqəmsal identifikasiya və etibarlı məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Tədbirin yekunları Beynəlxalq Dəniz Təşkilatının (IMO) dənizçilikdə rəqəmsallaşma strategiyası üzrə davam edən işləri çərçivəsində quruma təqdim ediləcək.

