2025-ci il sığorta iddiaları gəmiçilikdə təhlükəsizliyin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir
Qlobal sığorta şirkəti “Allianz”ın məlumatına görə, artan müharibə risklərinə və “kölgə donanması”nın genişlənməsinə baxmayaraq, gəmiçilik sənayesində təhlükəsizlik göstəriciləri son on ildə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
“Seanews.az” xəbər verir ki, hesabata əsasən, dünya donanması böyüsə də, tam gəmi itkilərinin sayı davamlı şəkildə azalır. Belə ki, 2016-cı ildə 100 brutto tondan yuxarı gəmilər üzrə 127 tam itki qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 43-ə enib.
“Allianz” bunu daha sərt təhlükəsizlik tələbləri, təkmilləşdirilmiş gəmi layihələri, ECDIS kimi müasir texnologiyaların tətbiqi və risklərin daha effektiv idarə olunması ilə əlaqələndirir.
Bununla yanaşı, gəmi yanğınları və partlayışları ciddi problem olaraq qalır. Ötən il bu cür 218 hadisə qeydə alınıb ki, bu da son onilliyin ikinci ən yüksək göstəricisidir.
Sığortaçı hesab edir ki, qarşıdakı illərdə geosiyasi gərginliklər və müharibə riskləri dəniz qəzalarına daha çox təsir göstərəcək. Eyni zamanda dəyişən ticarət marşrutları, yanacaq qiymətlərindəki dalğalanmalar, yeni ekoloji tələblər və iqlim dəyişiklikləri gəmiçiliyi daha mürəkkəb və riskli sahəyə çevirəcək.

