Nigeriya Hindistana yollanan quru yük gəmisində gizlənən qaçaq sərnişinləri saxlayıb
Nigeriya Hərbi Dəniz Qüvvələri Hindistana yola düşməyə hazırlaşan quru yük gəmisinin sükan bölməsində gizlənən beş qaçaq sərnişini saxlayıb.
“Seanews.az” xəbər verir ki, hadisə Laqos liman kompleksində qeydə alınıb. 24–43 yaşlarında olan şəxslər Liberiya bayrağı altında üzən, Çin şirkətinə məxsus və Hindistana istiqamətlənən “Chinafrie Happiness” balkerinin sükan bölməsində aşkarlanıblar.
Nigeriya rəsmiləri son dövrlərdə ölkə limanlarında qaçaq sərnişin hallarının artdığını vurğulayaraq gəncləri qanunsuz yollarla xaricə getmək cəhdlərindən çəkinməyə çağırıblar.
Mütəxəssislərin məlumatına görə, qaçaq sərnişinlər Nigeriya və ümumilikdə Qərbi Afrika marşrutlarında fəaliyyət göstərən gəmi sahibləri üçün ciddi əməliyyat riskinə çevrilib. Təkcə ötən il bölgədə bu cür hallarla bağlı təxminən 2 300 insident qeydə alınıb.
Hər bir təsdiqlənmiş qaçaq sərnişin hadisəsi gəmi operatorlarına cərimələr, geri qaytarılma xərcləri, gecikmələr və əlavə təhlükəsizlik tədbirləri səbəbindən minlərlə dollar əlavə xərc yaradır.

