Paraqvay çayında tanker barjasında partlayış: beş işçi həlak olub
Paraqvay çayında yanacaq daşıyan tanker barjasında partlayış baş verib. Nəticədə beş texniki xidmət işçisi həlak olub, bir nəfər isə yüngül xəsarət alıb.
“Seanews.az” xəbər verir ki, hadisə şənbə günü səhər saatlarında paytaxt Asunsion yaxınlığında, Paraqvay çayının sahilində lövbərdə dayanan barjada qeydə alınıb. Partlayış zamanı gəmidə altı işçi olub. Onlardan beşi həyatını itirib, partlayış anında barjanın kənarında olan bir nəfər isə xilas edilərək yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə, barja yanacaq, qaz və tökmə yüklərin çay nəqliyyatı ilə daşınması üzrə ixtisaslaşmış özəl Paraqvay şirkətinə məxsus olub. Hadisə zamanı barja yük daşımırdı və göyərtədə təmir-baxım işləri aparılırdı.
Hadisə yerinə Paraqvayın Hərbi Dəniz Prefekturasının xüsusi bölmələri cəlb olunub. Yük çənlərində qalıq qazların olması ehtimalı səbəbindən ərazi təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb.

