Musson küləkləri Hindistanda saxlanılan İranla əlaqəli üç tankeri sahilə doğru sürükləyib
Hindistan sahillərində məhkəmə qərarı ilə saxlanılan İranla əlaqəli üç tanker güclü mussonun təsiri nəticəsində lövbərlərini qopardaraq sahilə doğru sürüklənib. Hadisədən sonra Hindistan Sahil Mühafizəsi təcili xilasetmə əməliyyatı həyata keçirib.
“Seanews.az” xəbər verir ki, “Asphalt Star”, “Stella Ruby” və “Al Jafzia” tankerləri 2025-ci ilin fevralında Mumbaydan təxminən 100 dəniz mili qərbdə qanunsuz gəmidən-gəmiyə yük köçürülməsində və İran bitumunun qaçaqmalçılığında iştirak etmək ittihamı ilə saxlanılmışdı.
Hadisə zamanı “Stella Ruby” və “Asphalt Star” tankerlərində minimum sayda heyət üzvü olsa da, “Al Jafzia” tərk edilmiş vəziyyətdə idi. Nəticədə bu tanker sahilə oturub. Sahil Mühafizəsi digər iki tankeri təhlükəsiz lövbər dayanacağına yedəkləyərək ekipajların təhlükəsizliyini təmin edib.

