IMO: Hörmüz boğazındakı hücumlar minlərlə dənizçini təhlükə altında qoyur
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes Hörmüz boğazında ticarət gəmilərinə qarşı son hücumları pisləyərək bütün tərəfləri maksimum təmkin göstərməyə və gərginliyi dərhal azaltmağa çağırıb.
“Seanews.az” xəbər verir ki, onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri Fars körfəzində təxminən 600 gəmi və 6 minə yaxın dənizçi təhlükəsiz şəkildə bölgəni tərk edə bilmədiyi üçün çıxılmaz vəziyyətdə qalıb.
Baş katib bildirib ki, son hücumlar dənizçilərin həyatını ciddi təhlükə altına salmaqla yanaşı, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb. O, bayraq dövlətlərini, gəmi sahiblərini, operatorları və digər aidiyyəti qurumları ekipajların təhlükəsizliyi tam təmin olunana qədər gəmiləri Hörmüz boğazından keçirməməyə çağırıb.
Arsenio Dominqes həmçinin Fars körfəzində qalan gəmilərin təhlükəsiz şəkildə bölgədən çıxarılması üçün bütün aidiyyəti dövlətləri təxirəsalınmaz addımlar atmağa səsləyərək vurğulayıb ki, dənizçilərin təhlükəsizliyi hər zaman əsas prioritet olmalıdır.

