Asiyada gəmi maliyyələşdirilməsinin tokenləşdirilməsi üzrə tərəfdaşlıq yaradılıb
Asiyanın üç şirkəti gəmilərin maliyyələşdirilməsini asanlaşdıracaq addım atıb. “Kaia”, “Pinetree” və “Galactica” imzaladıqları anlaşma memorandumu çərçivəsində blokçeyn texnologiyasına əsaslanan yeni layihəyə başlayıb.
“Seanews.az” xəbər verir ki, layihənin ilk mərhələsində İndoneziyada gəmi maliyyələşdirilməsi üzrə investisiya layihələri rəqəmsal tokenlər vasitəsilə investorlara təqdim ediləcək. Tərəflərin məqsədi gəmiçilik layihələrinə investisiya cəlbini sürətləndirmək və bu prosesi daha şəffaf etməkdir.
Layihədə “Kaia” rəqəmsal platformanı təmin edəcək, “Pinetree” sərmayədarlarla iş və tənzimləyici məsələlərə cavabdeh olacaq, “Galactica” isə maliyyələşdiriləcək gəmi layihələrini müəyyənləşdirəcək.
Şirkətlər gələcəkdə bu modeli yalnız gəmiçilikdə deyil, digər infrastruktur layihələrində də tətbiq etməyi planlaşdırır.

