IMO Yəmənin Qırmızı dəniz bölgəsində dəniz təhlükəsizliyinin gücləndirilməsinə dəstəyini artırır
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Yəmənin Ədən şəhərində dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə dörd günlük seminar keçirib.
“Seanews.az” xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunan tədbirdə dəniz məlumatlarının paylaşılması və regional əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Seminar çərçivəsində Yəmən Sahil Mühafizəsinin qərargahında Milli Dəniz Məlumatlarının Mübadiləsi Mərkəzinin, Ədən limanında isə Regional Dəniz Məlumatlarının Mübadiləsi Mərkəzinin yaradılması üzrə yol xəritəsi hazırlanıb.
Layihə Qırmızı dəniz və Qərbi Hind okeanı hövzəsində sahilyanı dövlətlər arasında məlumat mübadiləsini və dəniz təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirməyi hədəfləyir.
IMO bildirib ki, bölgədə Somali mənşəli dəniz quldurluğu təhlükəsinin yenidən artması və Yəməndə davam edən siyasi gərginlik dəniz təhlükəsizliyinin gücləndirilməsini daha da zəruri edir.

