"Yang Ming" "Hanwha Ocean"a 6 konteyner gəmisi sifariş edib
Tayvanın konteyner daşımaları şirkəti "Yang Ming Marine Transport" Cənubi Koreyanın "Hanwha Ocean" gəmiqayırma şirkətinə ümumi dəyəri 1,11–1,224 milyard ABŞ dolları arasında qiymətləndirilən 6 ədəd LNG ilə işləyən ikiyanacaqlı (dual-fuel) 13 000 TEU tutumlu konteyner gəmisi sifariş edib.
"Seanews.az" xəbər verir ki, bir gəminin tikinti dəyəri 185–204 milyon ABŞ dolları arasında dəyişir. Gəmilərin təhvil veriləcəyi tarixlər hələ açıqlanmayıb.
Sifariş "Yang Ming"in donanmanın yenilənməsi və optimallaşdırılması strategiyası çərçivəsində həyata keçirilir. Şirkət ötən ay Cənubi Koreyanın Ulsan şəhərində yerləşən "HD Hyundai Heavy Industries" tərsanəsində inşa edilən "YM Wayfinder" adlı 15 500 TEU tutumlu LNG ilə işləyən ikiyanacaqlı konteyner gəmisinin adlandırma mərasimini keçirib. Bu gəmi həmin seriyanın üçüncü nümayəndəsidir.
Seriyaya daxil olan "YM Willpower" və "YM Worthiness" gəmiləri artıq istismara verilib və əsasən LNG yanacağından istifadə edir.
2026-cı ilin iyun ayına olan məlumata görə, Yang Ming ümumi 8,527 milyon dedveyt və 759 min TEU daşıma tutumuna malik 99 gəmidən ibarət donanmaya sahibdir. Şirkətin donanmasının əsas hissəsini konteyner gəmiləri təşkil edir.

