"MISC" Yaponiya marşrutu üçün kiçik tutumlu LNG daşıyıcısı sifariş edib
Malayziyanın "MISC" şirkəti "Malaysia LNG" ilə bağladığı 10 illik taym-çarter müqaviləsi çərçivəsində Çində 18 700 kubmetr tutumlu mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcısının tikintisini sifariş edib.
"Seanews.az" xəbər verir ki, şirkət gəminin tikintisini "Hudong-Zhonghua Shipbuilding" gəmiqayırma zavoduna həvalə edib. Taym-çarter müqaviləsinin 2028-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Yeni gəmi Malayziyanın Bintulu şəhərində yerləşən "Petronas" şirkətinin LNG ixrac kompleksindən Yaponiyanın Sendai şəhərinə LNG daşımalarını həyata keçirəcək. Bu marşrut üzrə əməkdaşlıq tərəflər arasında təxminən 30 ilə yaxındır davam edən LNG tədarük əlaqələrinin bir hissəsidir.
"Hudong-Zhonghua" bildirib ki, yeni gəmi zavodun inşa etdiyi bu ölçüdə ilk membran tipli LNG daşıyıcısı olacaq. Eyni zamanda, bu, Çində membran tipli yük saxlama sistemi ilə təchiz edilən ilk kiçik tutumlu LNG daşıyıcısı olacaq.
Uzunluğu 129,8 metr olan gəmi ikiyanacaqlı elektrik mühərrik sisteminə malik olacaq və 15 düyün layihə sürəti ilə istismar ediləcək.
Bu sifariş "MISC"in "Hudong-Zhonghua" zavodundakı yeni gəmi sifarişləri portfelini daha da genişləndirir. Şirkət cari ilin əvvəlində də həmin zavodda 174 min kubmetr tutumlu beş LNG daşıyıcısının tikintisini sifariş etmişdi. Həmin gəmilər "Petronas" ilə bağlanmış 20 illik taym-çarter müqavilələri əsasında fəaliyyət göstərəcək və 2029–2030-cu illərdə istismara veriləcək.

