Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Zəngilan” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Zəngilan” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınıb.

Gəminin suya salınması BGZ-nin tikinti-quraşdırma sahəsindəki üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə həyata keçirilib.

Yeni nəsil "Zəngilan" tankerinin suya salınmasına həsr olunmuş tədbirdə ASCO-nun sədri Rauf Vəliyev, İZİA-nın və BGZ-nin İdarə Həyətinin sədri Elşad Nuriyev, ASCO və BGZ-nin nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər.

Neft və kimyəvi məhsullar daşımaq üçün nəzərdə tutulan bu tankerin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsinə uyğun olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imkanına malikdir.

“Zəngilan” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8 009 ton olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır