Maye hidrogen tankerini birgə layihələndirəcəklər
Fransanın “GTT”, “TotalEnergies”, “LMG Marin” şirkətləri və “Bureau Veritas” (BV) təsnifat cəmiyyəti 150 min kubmetr tutumlu iritonajlı maye hidrogen (LH2) tankerinin konsepsiyasını birgə hazırlamaq üçün saziş imzalayıblar.
“Seanews.az”-ın məlumatına görə, birgə elmi-texniki layihənin tərəfdaşları LH2 tankerinin konsepsiyasını hazırlamaq üçün bütün təcrübə və biliklərindən istifadə edəcəklər. Beləliklə, “TotalEnergies” gəminin texniki xüsusiyyətlərini, o cümlədən istismar istiqamətini müəyyən edəcək.
“GTT” şirkəti mayeləşdirilmiş hidrogenin xüsusiyyətləri ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, gəmini membranın sızdırmazlığı sistemi ilə təmin edəcək.
“LMG Marin” şirkəti “TotalEnergies” spesifikasiyasına uyğunlaşdırılmış tankerin ilkin layihəsinə cavabdehdir. “Bureau Veritas” isə riskləri qiymətləndirəcək, layihənin ən son normativ tələblərə uyğunluğunu nəzərdən keçirəcək, prinsipial təsdiq sertifikatının verilməsi üçün öz qaydalarına uyğunluğunu təmin edəcək.