Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Təkrar bazarda tankerlərə tələb çoxdur

2023-cü ilin əvvəlindən 10 iri şirkət 90 işlənmiş tanker almaq üçün 3,66 milyard dollar ödəyib ki, bu da 10 iri balker alıcısının xərclədiyi məbləğdən (51 işlənmiş balker üçün 1,58 milyard dollar ödənilib) iki dəfə çoxdur.  Təkcə “Ocean Group” və “Scorpio Tankers” şirkətləri bu il işlənmiş balker və tankerlərin alışına ümumilikdə 1,1 milyard dollardan çox xərcləyib.

“Seanews.az” bildirir ki, bu barədə bazar eksperti Rebekka Qalanopulos “Cons VesselValue” saytındakı məqaləsində yazıb.

Tanker xərclərinə görə birinci yerdə olan “Scorpio Tankers” təkrar bazarda dörd MR və LR2 ərzaq məhsulları tankeri də daxil olmaqla  829,3 milyon dollar dəyərində 17 gəmi alıb. Bu gəmilərin orta yaşı dörd ildir. MR tankerləri şirkətə 40 milyon dollara, LR2 tipli gəmilər isə 65 milyon dollardan baha  başa gəlib. Bu, 2008-ci ildən bəri belə tankerlər üçün ən yüksək qiymətdir və ekspertin fikrincə, Rusiya neftinə məhdudiyyətlərin tətbiqindən sonra tələbin artması ilə izah olunur.

Yeni “Gatik Ship Management” şirkəti 2023-cü ildə 19 gəmi əldə edib. Yarandığı 2021-ci ilin dekabrından şirkət 63 gəmi alıb. Gəmilərin orta yaşı 15 ildir. Alınan gəmilərə bir VLCC, üç “Suezmax”, dörd “Aframax”, dörd LR2, bir LR1, dörd MR və iki “Small Clean Tanker” daxildir. Şirkət tankerlərin alınmasına ümumilikdə 640,9 milyon dollar xərcləyib. Bu gəmilərin bir qismi artıq yenidən satılıb.

Alıcılar arasında üçüncü yerdə 393,9 milyon dollar xərcləmiş məşhur “Teekay Tankers” şirkətidir. Aldığı gəmilər arasında bir “Suezmax”, dörd “Aframax” və dörd LR2 gəmisi var. Gəmilərin orta yaşı 12 ildir.

“Golden Ocean” şirkəti “H Line Shipping”-dən 2023-cü ilin fevral ayında satın aldığı altı 208 000 dedveytli “Newcastlemax Capesize” gəmisinə 291 milyon dollar xərcləyərək, ümumi tanker donanması xərclərinə görə birinci yerdədir. Gəmilərin orta yaşı dörd ildir.

“Lomar Shipping” və “Pacific Basin” (9 balker) aldıqları gəmilərin sayına görə təkrar yükdaşımalar bazarı seqmentində liderdir. Bu il “Pacific Basin” altı “Ultramax” gəmisi, iki “Supramax” gəmisi və bir “Handy Bulker” növünə 189,9 milyon dollar xərcləyib və ümumi xərclərə görə ikinci yeri tutub. Bu gəmilərin orta yaşı 10 ildir. “Lomar Shipping” alınan balkerlərin sayına görə birinci yerdə olsa da, ümumi xərclərə görə altıncı yerdədir. Şirkət orta yaşı 12 il olan gəmilərin alınmasına 137,7 milyon dollar xərcləyib.

Üçüncü yerdə olan Çinin “Bank of Communications Financial Leasing” kommersiya bankı (“Bocom”) gəmilərin alınmasına ümumilikdə 188,7 milyon dollar xərcləyib. Gəmilərin dəyərinə bəzi gəmilərin yenicə inşa edilməsi təsir edib. Bank bir “Capesize” (2021-ci ildə inşa edilib), bir “Panamax” (2023), iki “Supramax” (2023) və bir “Post Panamax” balkerinin (2012) alınmasına sərmayə qoyub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır