

Yeni kruiz gəmisi mayeləşdirilmiş təbii qazla işləyəcək
Almaniyanın “Meyer Werft” gəmiqayırma zavodunda Yaponiyanın kruiz donanmasının operatoru “NYK Cruises” (“NYK” qrupuna daxildir) üçün inşa edilən yeni kruiz gəmisinin metal kəsmə mərasimi keçirilib. “ASUKA III” adlandırılan gəminin istismara verilməsi 2025-ci ilə planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, 2021-ci ildə sifarişin alınması Papenburqda gəmiqayırma sənayesinin canlanmasına müsbət təsir göstərib. Mərasimdə Yaponiya kruiz xəttinin nümayəndələri iştirak ediblər.
Gəminin layihəsi planlaşdırılmış marşrutlara uyğun optimallaşdırılmış ən son hidrodinamikadan istifadəni və təmassız idarəetməni nəzərdə tutur. Sərnişin gəmisi mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.
Səfərə 744 sərnişinlə çıxacaq “ASUKA III“ gəmisinin yükgötürmə qabiliyyəti 52,2 min ton, uzunluğu 230 metr, eni 29,8 metrdir.