“Keppel” 2,8 milyard dollarlıq FPSO sifarişi alıb
“Keppel O&M” Gəmiqayırma Zavodu (“Keppel Offshore & Marine Group”-un törəmə şirkəti) açıq tenderdən sonra Braziliyanın milli neft şirkəti “Petroleo Brasileiro S.A.” (Petrobras) ilə “P-83” neft hasilatı, saxlanması və boşaldılması (FPSO) gəmisinin layihələndirilməsi, tədarükü və təhvil verilməsi üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri təxminən 2,8 milyard dollardır.
"Seanews.az" xəbər verir ki, müqavilənin şərtlərinə görə, “P-83” gəmisi 2027-ci ilin birinci yarısında sifarişçiyə təhvil verilməlidir. “Petrobras” 2022-ci ilin avqustunda “Keppel O&M”-yə oxşar “P-80” gəmisi sifariş etmişdi.
"Petrobras" müqavilə üzrə işlərin haqqını mərhələli şəkildə ödəyəcək.
“P-83” gəmisi “P-80” ilə eyni layihə üzrə tikiləcək, bu da “Keppel O&M”-nin işini asanlaşdıracaq. Sinqapur, Çin və Braziliyadakı gəmiqayırma zavodları iki gəmi üçün səth modullarını, Çindəki “CIMC Raffles” şirkəti isə gövdə və yerləşdirmə modulunu inşa edəcək. Gəminin ayrı-ayrı komponentlərinin inteqrasiyası Sinqapurdakı gəmiqayırma müəssisələrində həyata keçiriləcək. FPSO gəmisinin Buzios yatağında istismara verilməsi planlaşdırılır.
Beləliklə, “P-83” gəmisi “Keppel O&M”-nin “Petrobras”ın Buzios sahəsində fəaliyyət göstərməsi üçün qurduğu üçüncü FPSO - neft hasilatı, saxlanması və boşaldılması gəmisi olacaq. “P-80” ilə yanaşı, “Keppel O&M” 2021-ci ilin may ayında bağlanmış müqavilə əsasında inşa edilən “P-78 FPSO” üzərində işləyir.
Tamamlandıqdan sonra FPSO-lar dünyanın ən böyük üzən qurğularından biri olacaq. “P-83”-ün gücü gündə 225 min barel, su vurma qabiliyyəti gündə 250 min barel, qaz emalı gücü isə gündə 12 milyon kubmetrdir. Anbarı 2 milyon barel neft tutacaq.
Qeyd edək ki, Braziliyanın “Petrobras” şirkəti gəmiqayırma planlarına əlavə olaraq karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) ilə bağlı proqram həyata keçirir.
“Keppel Offshore & Marine Ltd” (“Keppel O&M”, “Keppel Corporation Limited” şirkətlər qrupuna daxildir) dənizdə qazma və ixtisaslaşdırılmış gəmilərin layihələndirilməsi, təmiri, modernləşdirilməsi və tikintisi sahəsində ən böyük şirkətdir. “Keppel O&M” Asiya-Sakit okean regionu, Meksika körfəzi, Braziliya, Xəzər regionu, Yaxın Şərq və Şimal dənizi regionlarında 20 gəmiqayırma zavodu və şəbəkəsini birləşdirir.
“Keppel FELS Brasil” (“BrasFELS”) “Keppel Offshore & Marine” şirkətinin 100% törəmə şirkətidir. Latın Amerikasında tanınan “BrasFELS Keppel Fels Brasil” gəmiqayırma zavodu Anqra dus Reysdə yerləşir. “BrasFELS” şirkəti FPU-ları, FPSO-ları, qazma gəmilərini, yarıdalma qazma qurğularını, dənizdə təchizat gəmilərini və lövbər daşıma yedəklərini tikir, yığır, modernləşdirir və təmir edir.

