Somali piratları yük gəmisini ələ keçiriblər
Somali sahillərində daha bir yük gəmisinin quldurlar tərəfindən ələ keçirildiyi bildirilir.
“Seanews.az” xəbər verir ki, avqustun 17-də sahildən təxminən 4,5 dəniz mili məsafədə ən azı səkkiz silahlı şəxs Kamerun bayrağı altında üzən, 1 400 dwt tutumlu “Lutuf” gəmisinə çıxaraq onu nəzarətə götürüb.
Gəminin 1995-ci ildə inşa edildiyi və Türkiyədən Tanzaniyaya getdiyi bildirilir. Hadisəni EUNAVFOR-un “ATALANTA” əməliyyatı araşdırır.
Bu, Somali sahillərində quldurluğun yenidən artması fonunda baş verən sonuncu hadisədir. Hazırda “Honour”, “Sward”, “Eureka” və “Asna” adlı daha dörd gəmi quldurların əlindədir. Cibuti Davranış Məcəlləsi təşəbbüsü bütün girov dənizçilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
Bölgədə təhlükəsizliyi gücləndirmək məqsədilə Cibuti Davranış Məcəlləsinə üzv dövlətlər Birgə İşçi Qrupu (Combined Task Force) yaratmaq barədə razılığa gəlib. Qrupun tərkibi və fəaliyyət istiqamətləri sentyabrın 7–9-da Keniyada keçiriləcək toplantıda müəyyənləşdiriləcək.

