“Caroline Bezengi” tankerindən sızan neft Oman sahillərini çirkləndirir
Omanın cənub-şərq sahillərində qəzaya uğrayan “Caroline Bezengi” tankerindən sızan neft artıq materik sahillərinə çatır.
“Seanews.az” xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Komitəsi çirklənmənin aradan qaldırılması üçün sahilboyu təmizləmə işlərinə başlayıb.
Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Suezmax” tipli tanker iyunda partlayış nəticəsində hərəkətsiz qalıb və Omanın cənub-şərq sahillərindən təxminən 30 dəniz mili məsafədə yerləşən adaya sürüklənərək qayalıqda saya oturub.
Təxminən 6-8 mil uzunluğunda sahil zolağı neftlə çirklənib. Dəniz tısbağaları və donqar balinaların məskunlaşdığı ərazi qorunan dəniz zonasıdır.
Hazırda işçilər neft çirklənməsini əl ilə təmizləyirlər. Oman neftin sızmasının qarşısının alınması və tankerə müdaxilə üçün Britaniyanın dənizçilik üzrə məsləhət şirkəti “Ambrey” ilə əməkdaşlıq edir.
Tanker 40 düyünədək külək və 12-15 fut hündürlüyündə dalğalar şəraitində qayalı sahildə qalıb. Gəminin 17 dərəcə yan əyilməsi, göyərtəsinin neftlə örtülməsi və bəzi çənlərinin zədələnməsi işləri çətinləşdirir. Gəmidə etibarlı enerji təchizatı olmadığından neftin vurulması və ballast əməliyyatları üçün generatorlardan istifadə tələb olunur.

