Yəmən yaxınlığında yük gəmisi naməlum mərmilərlə vurulub
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, bazar ertəsi Yəmənin Əl-Muxa şəhərindən təxminən 40 dəniz mili cənub-şərqdə yük gəmisi bir neçə naməlum mərmi ilə vurulub.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
UKMTO bildirib ki, hadisə zamanı gəmidə ekipaj olmayıb. Zərər gəminin sığorta dəyərindən daha baha təmir tələb edəcək səviyyədə olub. Ona görə də gəmi tam konstruktiv itki elan edilib. Müvafiq qurumlar hadisənin xarakterini və məsul şəxsləri müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Avqustun 15-də isə Əl-Muxa limanının administrasiyası kommersiya və dənizçilik fəaliyyətini dayandırıb. Buna son günlər liman ərazisinə husilərin (Ənsar Allah) 25-dən çox raket zərbəsi endirməsi səbəb olub. Hücumlar nəticəsində 7 nəfər həlak olub, zərərin isə təxminən 16 milyon dollar olduğu bildirilir.
Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı Süveyş kanalına çıxış təmin edən və Avropa ilə Asiyanı birləşdirən əsas dəniz ticarət marşrutlarından biridir. Ən dar hissəsində eni 29 kilometr olan boğaz qlobal enerji daşımaları üçün də mühüm əhəmiyyət daşıyır və dünya üzrə dəniz ticarətinin təxminən 15 faizi onun payına düşür.

