İran Hörmüz boğazından keçidi pozan 46 gəminin siyahısını açıqlayıb
İran Hörmüz boğazından keçidlə bağlı qaydaları pozduğunu bildirdiyi 46 gəminin siyahısını açıqlayıb. İranın Fars Körfəzi Gəmiçilik Administrasiyası (PGSA) xəbərdarlıq edib ki, həmin gəmilər gələcək keçidlər zamanı cərimələnə, saxlanıla, ələ keçirilə və ya müsadirə oluna bilər.
“Seanews.az” xəbər verir ki, qurum gəmi sahiblərinə, fraxtaçılara və digər maraqlı tərəflərə Fars körfəzi limanlarına və limanlarından daşımalar planlaşdırarkən gəmiləri əvvəlcədən yoxlamağı tövsiyə edib.
PGSA həmçinin siyahıya salınmış gəmilərlə gəmidən-gəmiyə yükləmələr və digər əməliyyatlar aparan gəmilərin də siyahıya əlavə edilə biləcəyini bildirib.
Siyahıda tankerlər, qazdaşıyanlar və digər ticarət gəmiləri yer alıb. Onların arasında avqustun 18-də Hörmüz boğazından çıxarkən hücuma məruz qalan “MINOAN DIGNITY” (IMO 9294484), həmçinin iyulda Oman sularında vurulan “AL BAHYAH” (IMO 9937799) və “MOMBASA B” (IMO 9739501) də var.

