IMO Somalidə quldurların girov saxladığı 90-dan çox dənizçinin azad edilməsinə çağırıb
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominquez somalili quldurlar tərəfindən girov saxlanılan 90-dan çox dənizçinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.

“Seanews.az” xəbər verir ki, çağırış avqustun 20-də “Seamull” məhsul tankerinin altı silahlı şəxs tərəfindən ələ keçirilməsindən sonra səsləndirilib. Quldurlar gəminin idarəetməsini ələ keçirərək onu Somalinin Bosaso limanına yönəldiblər.
Birgə Dənizçilik Məlumat Mərkəzinin (JMIC) məlumatına görə, hazırda altı gəmi Somali quldurlarının nəzarətindədir: “Honour 25”, “Sward”, “Eureka”, “Asana”, “Lutuf” və “Seamull”. Gəmilərin hamısı bu ilin aprel-avqust aylarında ələ keçirilib.
Dominquez bildirib ki, dənizçilər ağır şəraitdə saxlanılır və onların ərzaq, içməli su və tibbi yardıma çıxışı məhduddur. O, gəmiçilik şirkətlərini və dövlətləri dənizçilərin təhlükəsizliyini təmin etmək üçün mövcud təhlükəsizlik qaydalarına və IMO-nun müvafiq təlimatlarına əməl etməyə çağırıb.
JMIC-in qiymətləndirməsinə görə, Somali sahilləri və Somali hövzəsində təhlükə səviyyəsi orta, Ədən körfəzində isə əhəmiyyətli olaraq qalır. Mərkəz quldur qruplarının mövcud musson şəraitində də ticarət gəmilərinə minmək və onları istiqamətindən yayındırmaq imkanına malik olduğunu bildirib.

