Türkiyə komandoları yük gəmisini piratlardan geri alıb
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Somali sahillərində həyata keçirdiyi əməliyyat nəticəsində təxminən iki həftə əvvəl Somali quldurları tərəfindən ələ keçirilən “Lutuf” yük gəmisi azad edilib.
“Seanews.az” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, gəmi Somalidəki TURKSOM hərbi bazası üçün təchizat daşıyarkən quldurların hücumuna məruz qalıb. Türkiyə Hərbi Dəniz Qüvvələri Somali qüvvələri ilə birlikdə 10 gün ərzində gəmini izləyib və avqustun 29-da onun üzərində nəzarəti bərpa edib.
Somali Federal Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, 10 gün davam edən birgə əməliyyat zamanı 4 quldur qayığı məhv edilib və 14 quldur öldürülüb.
Mətbuatda yayılan təsdiqlənməmiş məlumatlara görə, quldurlar əvvəlcə 10 milyon dollar, daha sonra isə 2 milyon dollar fidyə tələb ediblər.
1995-ci ildə inşa edilən, 1 400 DWT tutumlu və Kamerun bayrağı altında üzən “Lutuf” avqustun 17-də Somalinin cənub sahillərində Hind okeanında ələ keçirilib. Məlumata görə, ən azı 8 quldur gəmiyə çıxaraq onun idarəetməsini ələ keçirib.
Gəmidə 6 Hindistan, 1 Türkiyə və 1 Gürcüstan vətəndaşı, həmçinin 2 serbiyalı təhlükəsizlik əməkdaşı olmaqla 10 nəfər heyət olub. Somali hakimiyyəti gəminin hazırda təhlükəsiz şəkildə səfərini davam etdirdiyini açıqlayıb.

