Hücumlarda zədələnən iki gəmi Türkiyənin Qara dəniz sahilinə çıxıb
Qara dənizdə ayrı-ayrı hücumlarda zədələnən iki ticarət gəmisi bazar günü Türkiyə sahillərinə çıxıb.
“Seanews.az” xəbər verir ki, Honq-Konq bayraqlı “Golden Sapling” kimyəvi maddə və neft məhsulları tankeri Samsun vilayətinin Alaçam rayonunda saya oturub. 19 455 dedveyt tonluq gəminin Sinopdan təxminən 90 dəniz mili məsafəsində pilotsuz uçuş aparatı ilə hücuma məruz qaldığı bildirilir. Gəminin 21 nəfərlik heyəti “Maran Pytha” gəmisi tərəfindən təxliyə edilərək Novorossiyskə aparılıb.
DHA-nın məlumatına görə daha qərbdə isə Rusiya bayraqlı “Omskiy-107” yük gəmisi İstanbulun Şile rayonundakı Alacalı sahilinə çıxıb. 3 248 dedveyt tonluq gəminin Novorossiysk yaxınlığında hücuma məruz qaldığı, heyətin isə xilasedici qayıqlarla gəmini tərk etdiyi bildirilir. Gəminin üst quruluşunda geniş yanğın izləri müşahidə olunub. Hücumun vaxtı və kim tərəfindən həyata keçirildiyi hələ rəsmi şəkildə təsdiqlənməyib.
Hər iki hadisə ilə bağlı Türkiyə Sahil Mühafizəsi qüvvələri əraziyə cəlb olunub.
Hadisələr Qara dənizdə, xüsusilə Rusiya limanları yaxınlığında ticarət gəmilərinə hücumların artdığı bir vaxtda baş verib. Türkiyə XİN-in məlumatına görə, avqustun 26-da “Lider Bordo Mavi”, avqustun 27-də isə onu yedəyə almağa göndərilən “Lider Kocatepe” gəmisi hücuma məruz qalıb. Bunun ardınca Ukraynanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

